Naften turşularının strukturu və xassələri

Naften turşuları turşu tərkibli birləşmələrə aiddir və ümumi СnН2n-2О2 (burada n=5÷22) formulu ilə ifadə olunurlar. Onlar doymuş xarakterli üzvi turşuların mürəkkəb təbii qarışığından ibarətdirlər.

Naften turşuları neftin tərkibində alkan, aromatik və naften sırasından olan karbohidrogenlərin demək olar ki, bütün siniflərinin düz və şaxəli struktura malik olan turşuları ilə təmsil olunurlar. Bakıda hasil edilən naften əsaslı neftlərdən əldə edilən neft turşuları öz tərkiblərinə və fiziki-kimyəvi xassələrinə görə sintetik naften turşularına tam uyğundurlar. Buna görə də, onları adətən, neft turşuları deyil, təbii naften turşuları adlandırırlar.

Naften turşularının ən zəngin mənbəyi Binəqədi, Bibiheybət, Ramana, Sabunçu, Balaxanı və digər yataqlardan hasil edilən Bakı nefti növləridir.

Naften turşuları öz kimyəvi xassələrinə görə tipik karbon turşularıdır. Neytrallaşdırma zamanı onlardan asanlıqla müxtəlif duzlar əmələ gəlir, onlardan qələvi duzlar suda yaxşı həll olurlar. Naften turşularının alınmasının sənaye üsulu bu xassəyə əsaslanır. Ekoloji cəhətdən təmiz, açıq rəngli, neytral yağlardan və spesifik qoxudan təmizlənmiş, əsas maddənin miqdarının yüksək (99,0%-99,5%) olduğu naften turşularının alınması məqsədilə xam naften turşuları xüsusi təmizlənmədən sonra verilmiş fraksiyaların götürülməsi ilə distillə edilir.

Distillə zamanı öz texniki şərtlərimizə, QOST 13302-77 tələblərinə, eləcə də əsas istehlakçının tələblərinə uyğun olan distillə edilmiş naften turşuları almaq mümkündür. Qeyd edək ki, şirkətlər qrupumuz distillə edilmiş naften turşularından əlavə texniki naften turşuları, eləcə də yağsızlaşdırılmış və yağsızlaşdırılmamış asidol, asidol-mılonaft, mılonaft kimi məhsullar istehsal edir.

“Karvan-L” şirkətlər qrupu 20 ildən artıqdır ki, təbii naften turşularının istehsalı və onların dünya bazarında satışı ilə məşğul olur. Şirkətin istehsal etdiyi naften turşuları dünyanın bir çox ölkəsində öz alıcısını tapmışdır.
Bu məhsula tələbat daima artır və hazırda dünya bazarının naften turşularına olan illik tələbatı 50 000 tondan artıqdır və bu göstərici ildən-ilə artır.
Ümumilikdə, naften turşuları və onların törəmələri sənayenin 40-dan artıq sahəsində geniş istifadə edilir.

Naften turşuları qurğuşunun, manqanın, kobaltın, sinkin, dəmirin, alüminiumun, xromun duzları formasında, eləcə də digər törəmələr şəklində sikkativlərin, lakların, boyaların hazırlanması üçün istifadə edilirlər. Kimya sənayesində naften turşuları həm də müxtəlif təyinatlı sintetik məhsulların, əsasən poliefirlərin istehsalı üçün komponent qismində istifadə edilir. Bu cür poliefirlərin əsasını başlıca olaraq, etilenqlikolun və naften turşularının efirləri (polimerlər üçün plastifikatorlar kimi istifadə edilirlər), naften turşularının allil efirləri (sürtkü yağlarına qatılan özlü aşqarların komponenti kimi), eləcə də neft turşularının polietilenpoliaminlə polikondensasiyası nəticəsində əldə edilən imidazolinlər təşkil edir. Yuxarıda göstərilmiş metodla əldə edilən imidazolinlər üstün keyfiyyətə malikdirlər və sintetik naften və karbon turşularının və təbii bitki turşularının əsasında əldə edilən imidazolinlərə nisbətən neft məhsullarına daha çox bənzəyirlər. Onlardan əsasən, neft mədənində korroziya inhibitorlarının əldə edilməsi və neft və qazın nəql edilməsi üçün istifadə edilir.

Naften turşularının bəzi duzları dəyişkən valentli metallarla oksidləşmə reaksiyalarında homogen katalizatorlar kimi istifadə edilirlər.

Naften turşularından kauçuklar üçün həlledicilər qismində, sonrakı istifadə üçün yarımməhsul qismində kauçuk kompaundlarının əldə edilməsi məqsədilə istifadə edilir.
Naften turşularından xüsusi təyinatlı sabun növlərinin əldə edilməsi üçün istifadə edilir.

Sərbəst naften turşuları mətbəə boyalarının tərkibinə əlavə edilir və onların axıcılığının yaxşılaşmasına kömək edir. Naften turşularından, həmçinin anilin boyayıcılarının həllediciləri qismində, ağacı çürümədən qoruyan şpala hopdurulan material qismində istifadə edilir. Naften turşularının bu xassəsi onlardan bakteriyaları və zərərvericiləri cəlb edən rütubətin təsirinə tez-tez məruz qalan ağacların, yelkən parçalarının, kisə materialının, kanatların, brezentin, balıqçılıq ləvazimatlarının hopdurulmasında istifadıə etməyə imkan verir.

Naften turşularının qurğuşun, xrom, kobalt və manqan duzları yanacağa, o cümlədən reaktiv yanacağa və yağlara antistatik, antidetonasion və köpüklənmə əleyhinə aşqarlar qismində istifadə edilir.
Naften turşularının tərkibində olan alüminium duzlarından hərbi sənayedə napalm istehsalı üçün istifadə edilir.

Naften turşuları əsasında kəsici dəzgahların, boyama üçün kleysterlərin soyudulması üçün yağlayıcı və emulqasiyaedici materiallar, təzyiq altında işləyən maşınlar üçün konsistent sürtkü yağları, neft və yağ emulsiyalarını parçalayan deemulqatorlar istehsal edilir.

Radioelektronikada naften turşuları maqnit mayelərinin istehsalı üçün istifadə edilir.


Yuxarı